Dəstəmazın termin mənası “müəyyən əzaları qaydasına uyğun yumaqdan, ya da məsh etməkdən ibarətdir”. Dəstəmaz ilə bədənin əl, üz, ağız, burun, diş və ayaqlar kimi kirlənməyə və xaricdən mikroblamağa ən əlverişli olan əzaları gündə bir neçə dəfə yuyulmuş olur. Sinir sistemi və qan dövranı tənzimlənir. Beləliklə, Uca Allahın hüzuruna sükunətlə çıxmaq imkanı meydana gəlir.
Hz. Peyğəmbərin (s.ə.s) dəstəmaz almadan heç bir iş görmədiyi nəql edilir. Dəstəmaz Qurani-Kərimdə namazdan əvvəl yerinə yetirilməli olan bir şərt olaraq qeyd edilir: “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məsh edin və topuqlarla birlikdə ayaqlarınızı yuyun. Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığa niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək qollarınızı məsh edin)” (Maidə, 5/6).
Hz. Peyğəmbər özü bir neçə dəfə dəstəmazın alınma qaydasını göstərmiş və dəstəmazsız qılınan bir namazın Allah tərəfindən qəbul olunmadığını bildirmişdir (Buxari, Vüdu, 2). Ağıllı və həddi-büluğ yaşına çatmış, sudan istifadə etmə gücünə sahib olan hər bir müsəlman lazım olduğunda dəstəmaz almaqla məsuldur.
Dəstəmaz almaqla dünyəvi və uxrəvi bir çox fəzilətlər və gözəlliklər əldə edilir. Allahın Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Kim əmr olunduğu kimi dəstəmaz alar və əmr olunduğu kimi namaz qılarsa, keçmiş günahları bağışlanar” (Buxari, Vüdu, 28). “Hər hansı bir şəxs dəstəmaz alarkən, üzünü yuduğunda, üzündəki əzaları ilə işlədiyi bütün günahları, əl və ayaqlarını yuduqda, bunlarla işlədiyi günahları su damcıları ilə birlikdə axıb gedər və özü də tərtəmiz olar” (Müslüm, Təharət, 32, 33).
Dəstəmazın fərzləri
Dəstəmazın dörd fərzi yuxarıda qeyd etdiyimiz ayədə sıra ilə bildirilmişdir. Bunlar da üzü yumaq, dirsəklərə qədər qolları yumaq, başa məsh etmək və topuqlarla birlikdə ayaqları yumaqdan ibarətdir (Maidə, 5/6). Bunları qısa olaraq izah edəcəyik:
1. Üzü yumaq
Üzün bir dəfə yuyulması fərzdir. Üz saçın bitdiyi yerdən saqqal və ya çənə altına və qulağın dibinə qədər olan yerdir. Saqqal, bığ və qaşların dibinə suyun keçməsi lazımdır.
2. Qolları yumaq
Qolları dirsəklərlə birlikdə bir dəfə yumaq fərzdir. Barmaqlarda dar və altına su keçirməyən üzük varsa, üzük yerindən tərpədilərək altına suyun keçməsi təmin edilməlidir.
3. Başı məsh etmək
Başın dörddən birini yaş əllə bir dəfə məsh etmək fərzdir. Başın əmgək deyilən qabaq tərəfinə məsh edilməsi daha fəzilətlidir. Məsh edilən yer iki qulağın üst tərəfidir. Bu bölgədəki saçların üstünə məsh edilməsi kifayətdir. Muğirə ibn Şubə belə demişdir: “Peyğəmbər (s.ə.s) dəstəmaz aldı, başının qabaq tərəfini, sarığın üstünü və məstlərini məsh etdi” (Buxari, Vüdu, 48).
İmam Şafei başa çəkilən məsh miqdarının bir saç telinin belə kifayət etdiyini söyləyir. Malikilər, zahirilər və hənbəlilərdə qəbul edilən rəyə görə, başın hər yerini məsh etmək fərzdir. Digər tərəfdən hənbəlilərə görə, qadının başının qabaq tərəfini məsh etməsi kifayətdir.
4. Ayaqları yumaq
Ayaqları topuqlarla birlikdə bir dəfə yumaq fərzdir. Hz. Peyğəmbər: “Vay odda yanan o topuqların halına!” (Buxari, Ehn, 30, Vüdu, 27, 29; Müslüm, Təharət, 25-28, 30) — buyuraraq, ayaqların topuqlarla birgə yuyulmasının lazım olduğuna diqqət çəkmişdir.
Hənəfilərdən başqa əksər fəqehlər sünnədən dəlillər gətirərək dəstəmaza bunlardan başqa fərzlər də əlavə etmişlər. Şafeilər və hənbəlilər dəstəmazı fərz buyuran ayədəki ardıcıllığa (tərtib) diqqət yetirməyi, maliki və hənbəlilər ard-arda (müvalat) etməyi, malikilər əzaları ovaraq yumağı, hənbəlilər bismillahı, ağzı və burnu yumağı, eləcə də hənəfilərdən başqa xaricindəki bütün məzhəblər “niyyəti” dəstəmazın fərzi qəbul edirlər.
Dəstəmazın sünnələri
- Niyyət etmək.
- Dəstəmaza “əuzu-bismillah” ilə başlamaq.
- Biləklərə qədər əlləri yumaq.
- Ağız və buruna üç dəfə su alaraq təmizləmək.
- Dişləri təmizləmək.
- Ardıcıllığa riayət etmək.
- Cüt organlarda, yumağa sağdan başlamaq.
- Hər bir dəstəmaz əzasını üç dəfə yumaq.
- Dəstəmaz alarkən əlləri və ayaqları yumağa barmaq uclarından başlamaq.
- Barmaq aralarına əl gəzdirmək.
- Saqqalın içinə suyun girməsini təmin etmək.
- Başın hamısını bir su ilə (bir dəfə əllərini su ilə isladaraq) məsh etmək.
- Qulaqları məsh etmək.
- Dəstəmaz əzalarırı ovaraq yumaq.
- Dəstəmaz əzalarırı fasilə vermədən ard-arda yumaq.
- Boynu məsh etmək.
Dəstəmaz alarkən məkruh olan hərəkətlər
- Dəstəmaz alarkən lazımından çox suyu boş yerə israf etmək.
- Suyu üzə və digər əzalara çırparaq yumaq.
- Dəstəmaz alarkən lazımsız yerə danışmaq.
- Ehtiyacı olmadığı halda başqasından kömək və su tökməsini istəmək.
- Təmiz olmayan pis və kirli bir yerdə dəstəmaz almaq.
- Oruclu bir şəxsin məzməzə və istinşaqı həddindən artıq etməsi.
- Dəstəmazın Sünnələrindən birini tərk etmək.
Yuxarıda qeyd edilənlər tənzihən məkruh olub dəstəmazın savabını azaldan hərəkətlərdir. Bir üzr olmadığı təqdirdə bu kimi hərəkətlərə yol verilməməlidir.
Dəstəmazsız caiz olmayan əməllər
Dəstəmazı olmayan aşağıdakı dörd şeyi edə bilməz:
- Namaz qılmaq.
- Tilavət səcdəsi etmək.
- Kəbəni təvaf etmək.
- Qurana toxunmaq. Dəstəmazı olmayan Qurani-Kərimə və hər hansı bir yerdə yazılmış ayəyə əl vura bilməz. Ekranı açıq olan virtual Quran da müshəf hökmündədir.
Aşağıdakı hallarda dəstəmaz almaq məndubdur:
- Ərəfatda vəqfədə olmaq və səy etmək üçün,
- Azan oxumaq üçün,
- Cənazə yumaq üçün,
- Əzbərdən və ya üzündən toxunmadan Quran oxumaq üçün,
- Hədis oxumaq üçün,
- Bir xəta etdikdən, qəzəbləndikdən və qeybət etdikdən sonra.
- Daim dəstəmazlı olmaq, hər namaz vaxtı üçün dəstəmaz almaq, dəstəmazlı yatmaq müstəhəbdir. Dəstəmaz möminin silahıdır.
Dəstəmazı pozan və pozmayan hallar
Aşağıdakı hallardan birisi meydana gəldiyi təqdirdə dəstəmaz pozulur:
- Ön və arxa tərəflərdən sidik, nəcis, qan, məni, məzi, vədi kimi bir mayenin çıxması.
- Arxadan yel çıxmaq.
- Bədənin hər hansı bir yerindən qan, irin və ya başqa bir mayenin çıxması.
- Ağız dolusu qusmaq.
- Ağlın dərk etmə qabilyyətini itirən hallar dəstəmazı pozar. Yatmaq, huşu itirmək, ağlı itirmək, sərxoşluq və ya epilepsiya tutmaları bunlar arasında sayıla bilər.
- Böyrü üstə, bardaş quraraq, dirsəklərə söykənərək, yaxud namazdan kənarda səcdə vəziyyətində yatmaq dəstəmazı pozar. Həmçinin hər hansı bir şeyə söykənər və söykəndiyi bu şey çəkildiyi təqdirdə yıxılıcaq halda olar və ombaları da yerdə olmazsa dəstəmaz pozular. Çünki bədənin boşalma halı, bu şəkildəki bir söykənmə ilə ən son həddinə çatmış olar. Şafeilərə görə isə, bu sonuncu vəziyyətdə, ombalar yerə yaxşı oturmuşsa, dəstəmaz pozulmaz. Çünki belə bir vəziyyətdə hər hansı bir şeyin çıxmayacağından arxayın ola bilər.
- Namazda yaxındakı şəxslərin eşidə biləcəyi bir səslə, yəni bərkdən gülmək.
- Məstlər üzərinə məsh edilib dəstəmaz pozulduqdan sonra müqim üçün bir gün, yolçu üçün üç gün keçmiş olması və ya bunların bildirilən müddət ərzində ayaqdan çıxması və ya çıxarılması.
- Üzrlü olanın dəstəmazı namaz vaxtının çıxması ilə pozulur.
- Təyəmmümlü olanın su əldə etməsi.
Aşağıdakı hallarda dəstəmaz pozulmur:
- Bir yaradan çıxan, ancaq ətrafa yayılmayan sarı su və ya qan.
- Parlaq işıqda görünən ətrafa çox az yayılmış incə ağ maye.
- Alma kimi dişlənən bir şeydə görülən dişdən gələn az olan bir qan.
- Bəlğəm.
- Barmaq aralarının bişməsi.
- Şüuru itirmədən diz üstə və ya omba yerə qoyularaq oturan yerdə yatmaq.
- Ağlamaq, göz yaşı tökmək.
- Namazdan kənarda gülmək.
- Tənasül orqanına toxunmaq.
- Qarşı cinsə əl ilə toxunmaq.
Üzrlü olanların dəstəmazı
Dəstəmazını saxlaya bilməyəcək dərəcədə mütəmadi olaraq bir üzrü olan şəxsə üzr sahibi deyilir. Dəstəmazı pozan hər hansı bir halın üzr ola bilməsi üçün zaman şərti vardır. Belə ki, üzr namaz vaxtının başlanğıcından etibarən dəstəmaz alıb namaz qılacaq qədər bir müddət kəsilməmək şərtilə, tam bir namaz vaxtı davam edərsə və daha sonra da hər namaz vaxtında ən az bir dəfə təkrar edərsə, bu halın sahibi üzrlü sayılır. Ancaq belə bir üzr, tam bir namaz vaxtı içində bir dəfə belə olsa baş verməzsə, artıq kəsilmiş və bu halın sahibi də üzrlü hesab edilmir. Məsələn, bir şəxsin burnu, bir gün günorta namazı vaxtının başlanğıcından sonuna qədər, yəni ilkindi namazının vaxtı girənə qədər, dəstəmaz alıb namaz qılacaq bir müddət kəsilmədən aramla qanamağa davam edərsə və bundan sonra da hər namaz vaxtında bir dəfə belə olsun qanayarsa, o şəxs üzrlü sayılır.
- Üzrlü bir şəxs hər fərz namaz vaxtı üçün dəstəmaz alar, bu üzr halının dəstəmazı pozmadığını qəbul edərək, həmin dəstəmazla, onu pozan yeni başqa bir hal meydana gəlmədikcə, istədiyi qədər fərz, vacib, sünnə, əda və qəza namazı, cümə və bayram namazı qıla bilər. Kəbəni təvaf edə bilər, müshəfi tuta bilər. Namaz vaxtının çıxması ilə üzrlü şəxsin dəstəmazı pozulmuş olar. Dəlili isə bu hədisdir: “Üzr qanı görən qadın (müstəhazə) hər bir namaz vaxtı üçün dəstəmaz almalıdır” (Zeylai, “Nəsbür-rayə”, I, 204). Digər üzr sahibləri də buna qiyas edilmişdir. Üzrdən başqa dəstəmazı pozan digər bir hal meydana gəlməsi ilə də dəstəmaz pozulur.
- Üzrlünün dəstəmazı namaz vaxtının çıxması ilə pozulur. Məsələn, bir üzrlü sübh namazı üçün tam vaxtında dəstəmaz alsa, bu dəstəmaz sübh namazının vaxtının çıxmasına qədər davam edər. Bu dəstəmaz vaxtın çıxması ilə, başqa sözlə, günəşin çıxması ilə pozulur. Artıq bu dəstəmazla başqa bir namaz qıla bilməz. Ancaq üzrünün müvəqqəti kəsildiyi bir vaxtda dəstəmaz alar və hələ üzr halı ortaya çıxmadan və dəstəmazı pozan başqa bir hal da meydana gəlmədən vaxt çıxarsa, bu vəziyyətdə, namaz vaxtının çıxması ilə bu dəstəmaz pozulmuş olmaz.
Ancaq bu üzrlü şəxs günəş çıxdıqdan sonra alınan bir dəstəmazla, günorta namazının vaxtı çıxanadək dəstəmazı pozan başqa bir hal meydana gəlmədiyi müddətcə, istədiyi qədər namaz qıla bilər. Çünki günorta vaxtının girməsi üzrlü üçün dəstəmazı pozan hal deyil. Eyni şəkildə bayram namazının vaxtının çıxması da üzrlünün dəstəmazını pozmur. Çünki bu bir fərz namaz vaxtı deyil. Üzrlünün dəstəmazı Əbu Hənifəyə görə, vaxtın çıxması ilə, Əbu Yusifə görə isə, həm namaz vaxtının girməsi ilə həm də çıxması ilə pozulur. Vaxtın girməsi ilə dəstəmazın pozulması, təkcə günorta namazının girməsində fərqli nəticə meydana gətirir. İmam Şafeiyə görə, üzrlü hər namaz üçün ayrıca dəstəmaz almalıdır. Üzrlünün dəstəmazı qıldığı namaz qurtaran kimi pozulmuş olar.
- Bir üzr sahibi üzrü aradan qalxdığı halda, dəstəmazı pozan başqa bir haldan ötrü dəstəmaz alar və daha sonra əvvəlcədən düçar olduğu üzrü təkrar ortaya çıxarsa, dəstəmazı pozular və təkrar dəstəmaz almalıdır. Çünki əvvəlki dəstəmazı bu üzr halından ötrü alınmamışdır. Ancaq üzrü kəsildiyi halda, namaz vaxtının içində üzründən və ya dəstəmazı pozan başqa bir haldan ötrü dəstəmaz alar və o vaxt içində üzrü ortaya çıxarsa, bu dəstəmazı pozulmaz. Çünki bu dəstəmaz həm üzrü, həm də o dəstəmazı pozan başqa hal üçün alınmışdır.
- Üzrlü bir şəxs oturaraq namazım ima ilə qılar və ya üzrünün bədəndəki meydana gəldiyi yerinə sarğı sanmaq kimi müxtəlif üsullarla üzrün ortaya çıxmasına mane olarsa, artıq üzrlü olma hökmündən çıxmış olar.
- Üzrlü bir şəxsin paltarına üzr yerindən çıxıb bulaşan qan, irin və axıcı mayelər üzr davam etdiyi müddətcə namazının səhhətinə mane olmaz. Bərkimiş nəcisin bir dirhəmə çatması, mayenin isə ovuc içindən çox bir yerə yayılması da eynidir. Ancaq bu nəcasətin axması kəsilmişsə, bunlar yuyulmalıdır.
- Üzr halı ilk ortaya çıxanda namazı vaxtın sonuna qədər gecikdirib qılmaq müstəhəbdir. Üzrlü olanlar imamlıq etməməlidirlər.
- Üzrün hər hansı bir namaz vaxtı boyu kəsilməsi ilə üzr halı sona çatar. Belə olan təqdirdə, həmin şəxs üzr sahibi olmaqdan çıxar və sağlam olanlara aid hökmlərlə məsul olar.
Nəticə etibarilə, İslam dini asanlıq dinidir. Üzr sahibləri haqqında hər cür asanlıq göstərmişdir. Sarğı və məstlər üstünə məsh etmək və su tapmayan üçün təyəmmümün alınması bunlara daxildir.
Dəstəmazın alınma qaydası
NİYYƏT
sünnə
Dəstəmaza başlamadan əvvəl “Niyyət etdim Allah rizası üçün dəstəmaz almağa” deyərək niyyət edilir. Sonra “Əuzu- billahi minəş-şeytanir-ragim
Bismillahir-Rahmanir-Rahim» oxunaraq dəstəmaza başlanır

ƏLLƏRİ YUMAQ
sünnə
Əllər biləklərlə birlikdə (barmaqların arası quru qalmayacaq şəkildə) yuyulur

AĞIZA SU VERMƏK
sünnə
Sag əl ilə ağıza üç dəfə su alınıb çalxalanaraq yuyulur

BURUNA SU ÇƏKMƏK
sünnə
Sag əl ilə buruna üç dəfə su çəkilir. Ardından da hər dəfəsin də sol əl ilə təmizlənir

ÜZÜ YUMAQ
fərz
Üz (saçların başladığı yerdən çənənin altı və yanaqlar daxil olmaqla) üç dəfə yuyulur

QOLLARI YUMAQ
fərz
Əvvəl sağ, sonra isə sol qol (dirsəklərlə birlikdə) üç dəfə yuyulur

BAŞI MƏSH ETMƏK
fərz
Sağ əl isladılaraq başın dörddə bir hissəsi məsh olunur

QULAQLARI MƏSH ETMƏK
sünnə
Hər iki əlin şəhadət barmağı ilə qulaqların içi, baş barmaqla da qulağın arxası məsh olunur

BOYUNU MƏSH ETMƏK
sünnə
Hər iki əlin digər üç barmağı ilə boyunun arxası məsh olunur

AYAQLARI YUMAQ
fərz
Əvvəl sağ, sonra isə sol ayaq (barmaq aralarında və topuq ətrafında quru yer qalmayacaq şəkildə) yuyulur








