Mehri və cehizi:
Hicrətin ikinci ilində Rəsulullah (s.a.s) qızı Fatiməni¹ Əliyə (r.a) ərə verdi. Əlinin Müsnədində onun Peyğəmbərin (s.a.s) qızı Fatimə ilə nişanlanması barədə təfsilatlı hədis qeyd olunur. İbn Abbas (r.a) demişdir: “Əli ibn Əbu Talib Fatimə ilə evləndikdə, Peyğəmbər (s.a.s) ona: “Qızıma mehr olaraq bir şey ver!”– deyə buyurdu. Əli: “Məndə heç nə yoxdur”– deyə cavab verdi. Peyğəmbər (s.a.s) soruşdu: “Hanı sənin hütəmiyyə2 zirehin?”3 Əli: “O məndədidir”– deyə cavab verdikdə, Peyğəmbər (s.a.s) buyurdu: “Elə isə o zirehi ona ver!”4
Toy mərasimi:
Bureydə əl-Əsləmi (r.a) demişdir: “Əli ibn Əbu Talib (r.a) Fatimə (r.a) ilə evləndiyi zaman Peyğəmbər (s.a.s) ona belə buyurdu: “Evliliyin elan edilməsi üçün ziyafət verilməlidir!” Onda Səd (r.a) dedi: “Bir qoyun mən gətirərəm.”5 Başqa bir birisi də: “Mən də filan qədər buğda gətirərəm”– dedi.”6
Rəvayət edilir ki, toy gecəsi Peyğəmbər (s.a.s) dedi: “Ey Əli, zövcənin yanına girməzdən əvvəl yanıma gələrsən!” Nəhayət, Əli (r.a) Peyğəmbərin (s.a.s) yanına gəldi və Peyğəmbər (s.a.s) su gətizdirib dəstəmaz aldı. Sonra o, bu sudan Əlinin (r.a) üstünə səpdi və dua edib dedi: “Allahım, onlara xeyir-bərəkət nəsib et və onların bu evliliyini bərəkətli et!”7
Əli (r.a) ilə Fatimənin (r.a) yaşayışı:
Peyğəmbərin ən əziz yaxınları olan Əli (r.a) ilə Fatimə olduqca kasıb, səbirlə və zahid olaraq yaşamışdılar.
Hənnad Ətanın belə dediyini rəvayət etmişdir: “Əlinin (r.a) belə dediyini eşitmişəm:
“Günlərlə oturardıq və yeməyə bir şey tapmazdıq. Peyğəmbərin (s.a.s) də yeməyə heç nəyi olmazdı. Bir dəfə çölə çıxdım və yerdə bir dinar pul gördüm. Bir az oturub öz-özümə düşündüm ki, bu pulu götürüm, yoxsa yox. Sonra elə bir vəziyyətdə idim ki, pulu götürəsi oldum. Mən Dəfatinə8 gəldim və o pula un aldım. Sonra unu Fatiməyə gətirib verdim və dedim: Bundan xəmir yoğur və çörək bişir. O da taqətsiz halda güclə qalxıb xəmir yoğurdu və çörək bişirdi. Mən Peyğəmbərin (s.a.s) yanına gəlib bu barədə ona xəbər verdim. O dedi: “Gedin yeyin, bu İzzət və Cəlal Sahibi olan Allahın sizə bəxş etdiyi bir ruzidir.”9
Şəbi demişdir: “Əli (r.a) dedi:
“Allahın Rəsulu Muhəmmədin (s.a.s) qızı Fatimə ilə evləndikdə bizim üzərində yatmağa döşəyimiz yox idi. Bircə dənə qoyun dərisi var idi ki, gecələr onun üzərində yatar, gündüzlər isə ondan başqa işlərimizdə istifadə edərdik. Bizim xidmətçimiz də yox idi.”10
Mücahid demişdir: “Əli (r.a) dedi:
“Bir dəfə mən Mədinədə dəhşətli dərəcədə acmışdım. Mən çıxıb Mədinənin ətrafında iş axtarmağa başladım. Gördüm ki, bir qadın quru palçıq toplayıb onu sulamaq istəyir. Mən gəlib vedrəsi bir xurma dənəsi müqabilində işə razılaşdım. Beləcə mən on altı vedrə daşıdım. İş o yerə gəlib çatdı ki, əllərim suluqladı. Sonra suyu gətirib gördüm ki, artıq bəs elədi. Sonra gəlib dedim ki, artıq kifayətdir. O da mənə on altı ədəd xurma verdi. Mən bu barədə gəlib Peyğəmbərə (s.a.s) xəbər verdim, o da mənimlə birlikdə bu xurmalardan yedi.”11
Bütün bu rəvayətlər Əlinin (r.a) Mədinədə nə qədər məşəqqətli bir həyat sürdüyünün göstəricisidir. Biz ondan çətinlik zamanı nə cür səbir etməyi öyrənib ibrət almalıyıq. Belə ki, o, hər zaman özü işləyib pul qazanardı. Oturub gözləmirdi ki, insanlar ona gətirib sədəqə versin.
Həmçinin dəhşətli dərəcədə ac və gücsüz olmasına rəğmən qalxıb o çətin işi görməsi də bizim üçün bir ibrətdir.
Həmçinin o, dəhşətli dərəcədə ac olduqda belə, əziyyətlə qazanıb əldə etdiyi xurmaları tək yeməyib, gətirib Peyğəmbərlə (s.a.s) birlikdə yemişdi.12
Mənbə: Əli ibn Əbu Talibin (r.a) həyatı. D. Əli Muhəmməd Muhəmməd
- O, müttəqilərin imamı və Adəm övladının ən xeyirlisi sayılan Rəsulullahın (s.a.s) qızıdır. Anası Xədicə bint Xuveyliddir (r.a). Fatiməyə (r.a) “Ummu əbihə”, yəni atasının anası kunyası verilmişdi. Peyğəmbərlikdən bir az öncə anadan olmuşdur. Peyğəmbər (s.a.s) onu hicrətin ikinci ilində Bədr döyüşündən sonra Əli ibn Əbu Taliblə (r.a) evləndirmişdir. Onların Həsən, Hüseyn, Zeynəb və Ummu Gülsüm adlı dörd övladları olmuşdur. Fatimə (r.a) Rəsulullahın vəfatından altı ay sonra vəfat etmişdir. Kim onun həyatı barədə geniş məlumat əldə etmək istəyirsə aşağıdakı mənbələrə müraciət etsin: “Əsd əl-Ğabə” əsəri, 5/520; “əl-İsabə” əsəri, 4/365; İbn Sədin “ət-Təbəqat əl-Kubra” əsəri, 8/26; “Hilyətul-əvliya” əsəri, 2/39, 43; “Siyar əlam ən-Nubəla” əsəri, 2/118, 134.
- Bu zirehin hütəmiyyə adlandırılmasının səbəbi budur ki, həmin zirehi Abdul-Qeys qəbiləsindən olmuş Hutəmə oğulları düzəldirlərmiş. Subul əs-Səlam, 2/219.
- Zireh: Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geyindikləri dəmir tordan, yaxud qalın dəridən geyim.
- “Sunən Əbu Davud”, 2125; “Sunən ən-Nəsai”, 5541; “Səhih İbn Hibban”, 6945; “Səhih Əbu Davud”, 1842 və 1849.
- Bu, səhabələrin bir-birinə qarşı olduqca mehriban olduğundan xəbər verir.
- “Musnəd İmam Əhməd”, 5/359; “Səhih əl-Cami”, 2419.
- Təbəraninin “əl-Mocəm əl-Kəbir” əsəri, 1153; “Fədail əs-Səhabə” əsəri, 2/858.
- Xaricdən un gətirib satan şəxslər. Lisan əl-Arab, 7/343.
- Hənnadın “Zuhd” əsəri, 2/387, No 752.
- İbn Sədin “ət-Təbəqat əl-Kubra” əsəri, 8/22, Hənnadın “Zuhd” əsəri, 2/ 387.
- İmam Əhmədin “Müsnəd” əsəri, 1135. Şeyx Şueyb əl-Arnaut hədisi zəif hesab etmişdir.
- Humeydinin “Tarix əl-İslami” əsəri, 19/45, 50.







