Hənəfi məzhəbində zina yoluyla da olsa qarşı cinsə, şəhvətlə toxunmaqla və ya şəhvətlə ön övrət yerinə çılpaq olaraq baxmaqla «hörməti müsahərə» olur. Bir kişi, bir qadının hər-hansı bir yerinə şəhvətlə toxunduqda, o qadının nəsəbdən və ya süddən olan anası və qızlarıyla, o kişinin evlənməsi haram olur. Şəhvətlə toxunulan qadın da, o kişinin nəsəbdən və ya süddən olan atası və oğullarıyla, evlənməsi haram olur. Fəqət bir-birinə şəhvətlə toxunmuş olan və ya zina etmiş olan kimsələr bir-biriylə evlənə bilər, buna bir əngəl yoxdur.
Bir kişi, qayınanasının əlini öpərkən şəhvətlənərsə, «hörməti müsahərə» baş verir və xanımı ona əbədi haram olur.
Bir gəlin də qayınatasının əlini öpərkən və ya başqa formada toxunduqda şəhvət hasil olarsa yenə «hörməti müsahərə» baş verir və qadına əri əbədi haram olur. Yenə bir ata ilə qızı və ya nəvəsi yaxud bir ana ilə oğlu və ya nəvəsi arasında «hörməti müsahərə» olarsa, ər-arvad bir-birinə əbədi haram olur. (Bəzzaziyyə)
Qadın üçün; öz yada ögey oğlu, kürəkəni, atası və qayınatası, kişi üçün isə; qızı, gəlini, anası və qayınanası xaricində, başqa biriylə «hörməti müsahərə» olmasının nikaha zərəri olmaz.
Qarşı cinslər arasında meydana gələn baxma və ya toxunmanın qəsdən olmasıyla unudaraq, yanlışlıqla, məcbur etmək və yatarkən olması arasında bir fərq yoxdur. Yenə bu xüsusda, ayıq ilə sərxoş, həddi-büluğ çağına çatmış olanla, yaxınlaşmış olan, və ağıllı ilə dəli arasında da bir fərq yoxdur.
Bundan əlavə, haramlığı meydana gətirəcək şərtlərin, yəni şəhvani hiss və əlamətin yalnız bir tərəfdə olması kifayətdir. Hər iki tərəfdə olması tələb olunmur. Yalnız bu məsələlər Hənəfi məzhəbinə görədir.
Hənbəli məzhəbinə görə; sadəcə «birləşmə» «hörməti müsahərəni» tələb edərkən, Şafei məzhəbinə görə; zina, toxunmaq və ya baxmaqla heç bir şəkildə «hörməti müsahərə» gerçəkləşməz. Maliki məzhəbinə görə isə; şəhvətlə əlini, üzünü öpməsi halında haramlıq sabit olur.
Allah ﷻ daha yaxşı bilir.
İsmail Hakkı Yelkenci
(əl-Məzahibul-Ərbaa, IV/63-68; Hüquqi İslamiyyə və istilahati-Fiqhiyyə Kamusu, II/92-96; İbn Abidin.
Rəddü’l-Muxtar, II/278-248)
Mənbə: fetvalar.hgev.org.tr
Tərcümə: t.me/Ehli_Sunne_Henefi







