Kövsər surəsi ərəbcə

Kövsər surəsinin audiosı
Kövsər surəsinin oxunuşu
- İnnəə ə’taynəəkəl-Kəvsər.
- Fəsalli liRabbikə vənhər.
- İnnə şəəni’əkə huvəl-əbtər.
Kövsər surəsinin tərcüməsi
- (Ey Peyğəmbər!) Biz sənə Kövsəri verdik.
- Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!
- Şübhəsiz ki, sənə düşmənçilik edənin özü sonsuzdur.
Kövsər surəsinin adı
Kövsər: Surə adını ilk ayəsində keçən “çox, bol” mənalarına gələn “الْكَوْثَر / əl-kövsər” kəlməsindən götürmüşdür. Eyni zamanda bu surə «İnna ateyna” adı ilə də məşhurdur.
Kövsər surəsinin ehtiva etdiyi mövzular
Bu surədə Həzrət Peyğəmbərə ﷺ verilən bol nemətlərdən bəhs edilməklə yanaşı, Allaha qulluq etməsi və qurban kəsməsi əmr edilir. Eyni zamanda surədə Allah Rəsuluna düşmənçilik edənlər qınanır.
Kövsər surəsinin nüzul səbəbi
İslam düşmənlərinin Həzrət Peyğəmbərə ﷺ etdiyi təhqirlərindən biri də oğlan övladlarının uşaq ikən dünyalarını dəyişmələrinə görə ona “Əbtər” (övladı olmayan) demələri idi. “Kövsər” surəsi də, əsasən, bu səbəbə görə nazil olmuşdur. Ancaq surənin nazil edilməsi ilə əlaqəli bir neçə rəvayət mövcuddur. Bu rəvayətlərin mahiyyəti eyni olmaqla yanaşı, aralarında cüzi fərqlər vardır:
1. İbn Abbasdan (r.a) belə bir rəvayət nəql edilmişdir: “Kəb ibn Əşrəf (Mədinə yəhudilərinin böyüklərindəndir) Məkkəyə gəldiyində Məkkə müşrikləri ona: “Sən Mədinə əhalisinin ən xeyirlisi və əfəndisisən. Elə deyilmi?” — dedilər. O da: “Bəli, elədir”, — dedi. Müşriklər Həzrət Peyğəmbəri nəzərdə tutaraq ona belə dedilər: “Bu soyu kəsik, qövmündən qopmuş pis adam haqqında nə deyirsən? O özünün bizdən daha xeyirli olduğunu zənn edir. Halbuki biz hacılara su paylayan və Kəbəyə xidmət edənlərik”. Kəb ibn Əşrəf də: “Siz daha xeyirlisiniz”, — dedi. Bu hadisədən sonra “Kövsər” surəsinin ilk ayəsi nazil oldu.
2. Məhəmməd ibn İshaqın nəql etdiyinə görə, As ibn Vailin yanında Həzrət Peyğəmbərimizin ﷺ adı çəkildiyi zaman o: “Əl çəkin bu adamdan. Onun soyu kəsikdir. Onun uşağı yoxdur. Həlak olduğu zaman adı-sanı da qalmayacaq”, — demişdi. Bundan sonra “Kövsər” surəsi nazil olmuşdur.
3. İbn Abbasdan belə bir rəvayət nəql edilmişdir: “Rəsulullahın ﷺ ilk olaraq oğlu Qasım, ondan sonra ardıcıl olaraq Zeynəb, Abdullah, Ümmü Gülsüm, Fatimə və Ruqiyyə adlı övladları dünyaya gəlmişdir. Övladlarından ilk vəfat edən Qasım azyaşlı ikən Məkkədə dünyasını dəyişmiş, bir müddət sonra da üçüncü övladı Abdullah dünyadan köçmüşdü. Məhz bu müsibətlərə görə As ibn Vail: “Onun nəsli kəsildi, o əbtərdir”, — demişdi. Uca Allah da As ibn Vailin bu sözlərinə cavab olaraq “Kövsər” surəsini nazil etmişdi.
4. Ənəs ibn Malikdən də belə bir rəvayət nəql edilmişdir: Bir gün Rəsulullah ﷺ məsciddə aramızda idi və bir az mürgülədi. Sonra təbəssüm edərək başını qaldırdı. Biz: “Səni güldürən nədir, ey Allahın elçisi?” — deyə soruşduq. O da: “Bir az əvvəl mənə bir surə endirildi”, — deyə cavab verdi və “Kövsər” surəsini oxudu. Sonra: “Bilirsiniz, Kövsər nədir?” — deyə soruşdu. Biz: “Allah və Rəsulu daha yaxşı bilər”, -dedik. Bu zaman Həzrət Peyğəmbər ﷺ belə buyurdu: “O, Rəbbimin mənə vəd etdiyi bir çaydır. Onda çoxlu xeyir vardır. O, qiyamət günü ümmətimin su içməyə gələcəyi bir hovuzdur. Qapıları ulduzların sayı qədərdir. Onların (ümmətimin) içindən bir bəndə oradan uzaqlaşdırılacaqdır. Mən: “Ey Rəbbim, o mənim ümmətimdəndir”, — deyəcəyəm. Rəbbim isə: “Onun səndən sonra nələr etdiyini bilmirsən”, — buyuracaqdır”. Müslim, “Səlat”, 53-54.
Kövsər surəsinin əvvəlki surə ilə əlaqəsi
Əvvəlki surə olan “Maun” surəsi ilə “Kövsər” surəsində bir-birinin ziddi olan əməllər qeyd olunmuşdur. Allah-Təala “Maun” surəsində münafiqləri xəsislik, namazı tərk etmək, namazda riyakarlıq etmək, zəkat verməmək kimi dörd mənfi xüsusiyyətlərini qeyd etmiş, “Kövsər” surəsində də bu fikirlərin hər birinin əksi sadalanmışdır. Belə ki, “Maun” surəsindəki xəsisliyin müqabilində “Kövsər” surəsində “Biz sənə Kövsəri verdik”, “Maun” surəsindəki namazı tərk etməyin müqabilində “Kövsər” surəsində «namaz qıl”, “Maun” surəsindəki namazda riyakarlıq etmək barədə olan ayənin müqabilində “Kövsər” surəsində «Rəbbin üçün namaz qıl”, yenə “Maun” surəsindəki zəkat verməməyin müqabilində “Kövsər” surəsində «Qurban kəs” əmri kimi yüksək dini ehkamlar və fəzilətlər öyrədilib təşviq edilməklə hər iki surə arasında əks əlaqə formalaşdınlmışdr.
Kövsər surəsinin təfsiri
بِسْمِ اللَّـهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Rəhman və Rəhim olan Allahın adı ilə!
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ
1. (Ey Peyğəmbər!) Biz sənə Kövsəri verdik.
Təfsiri:
Bu ayədə Allah-Təalanın Həzrət Peyğəmbərə səslənərək: “Biz verdik”, — buyurması ilə təzimə çağırış ifadə olunur. Ayədə neməti bəxş edənin hər şeyə qadir olduğu göstərilməklə yanaşı, həmçinin neməti qəbul edənin də, habelə həmin nemətin də, yəni Kövsərin də əhəmiyyətinə işarə olunur.
Uca Allah gələcəkdə, yəni cənnətdə “Sənə Kövsər verəcəyik” şəklində yox, məhz keçmiş zaman formasında, sanki Quranın endiyi günlərdə verilmiş kimi “Sənə verdik” şəklində ifadə edərək bu vədin şübhəsiz, yerinə yetiriləcəyini vurğulamışdır. Məhz ayədə sänki Kövsərin verilməsinin artıq baş vermiş şəkildə — keçmiş zaman feilindən istifadə edilərək ifadə edilməsi bu bəxşişin mütləq və əminliklə olacağını vurğulu şəkildə ifadə etmişdir.
Ayədəki “كَوْثَرَ / kövsər” sözü «bol, çox, bolluq, çoxluq” deməkdir və ərəb dilindəki “كَثْرَةٌ / kəsrət” sözündən əmələ gəlmişdir. Bu da həddindən artıq çoxluğu bildirir. Buna görə alimlər “Kövsər” sözünü bir çox mənada izah etməyə çalışmışlar.
“Kövsər” kəlməsi “dünya və axirətdə verilən bitməz-tükənməz bütün müsbət keyfiyyətlər, xeyir-bərəkət” mənalarına gəlir. Əslində yaxşılıq adında nə varsa, “Kövsər” kəlməsində cəmləşir. Məhz bu yaxşı keyfiyyətlərin başlanğıcında İslam, Quran, peyğəmbərlik, Peyğəmbərimizin yaxınları, ümməti, alimlər, şəfaət məqamı, gözəl əxlaq, elm kimi xüsusiyyətlər gəlir. Allah-Təala tək bir kəlmə olan “Kövsər” ilə məxluqatın içində ən uca zirvə olan Rəsulullaha ﷺ bütün üstün xüsusiyyətləri verdiyini bildirmişdir. Məhz Uca Allah bütün bu yüksək dərəcələri ona verməklə onun şərəf və məqamını bir daha ucaltmışdır. Habelə Peyğəmbərimizin vasitəsi ilə Onun bütün ümmətinə verilən nemətlər də bu kəlmədə cəmləşməkdədir.
Bununla belə, Həzrət Peyğəmbərin ﷺ bəzi hədislərində “Kövsər” sözünün “hovuz, çay” mənasında işlətdiyi də məlumdur. Yəni hədislərdə cənnətdəki hovuzun və ya çayın adının “Kövsər” olduğu vurğulanmışdır. Bu rəvayətləri əsas alaraq bəzi təfsir alimləri surədəki “Kövsər” kəlməsi ilə Allah-Təalanın çay və ya hovuzu nəzərdə tutduğunu söyləmişlər. Bu hədisi-şəriflərin bəziləri belədir:
“Kövsər Rəbbimin cənnətdə mənə verdiyi bir çaydır”.
Buxari, “Təfsir”, 108; Müslim, “Səlat”, 53.
“Kövsər cənnətdə bir çaydır. Hər iki sahili qızıldandır. Bu çay inci və yaqutun üzərindən axır. Torpağının ətri müşkdən daha xoşdur. Suyu baldan dadlı, rəngi qardan daha bəyazdır”.
Tirmizi, “Təfsir», 108.
Ənəs ibn Malik belə demişdir: “Biz Rəsulullahın ﷺ hüzurunda olarkən o, qısa bir müddət yuxuya getdi. Daha sonra təbəssüm edərək başını qaldırdı. Biz: “Ey Allahın Rəsulu! Təbəssüm etməyinizin səbəbi nədir?” — deyə soruşduq. O ﷺ belə buyurdu: “Az əvvəl mənə bir surə endirildi”, — buyurub “Kövsər” surəsini oxudu. Sonra: “Kövsər nədir bilirsinizmi?” — deyə soruşdu. Biz də: “Allah və Rəsulu daha yaxşı bilir”, — deyincə Həzrət Peyğəmbər ﷺ belə buyurdu: “O, Əziz və Cəlil olan Rəbbimizin mənə vəd etdiyi bir çaydır. Onda olduqca çoxlu xeyir vardır. O, Qiyamət günü ümmətimin su içmək üçün gələcəyi bir hovuzdur. Ətrafındakı qablar ulduzların sayı qədərdir”. Bir hədisdə belə buyurulmuşdur: “Mən Kövsər hovuzuna sizin ilk çatanınız olacağam və sizi orada qarşılayacağam. Sizinlə görüş yerimiz o hovuzdur. Mən indi o anı görürəm. Mən sizin barənizdə şahidlik edəcəyəm. İndi mənə yerin xəzinələri və onların açarları verildi. Vallah, məndən sonra sizin şirkə dönəcəyinizdən qorxmuram. Lakin mən sizin dünya ehtirasına aldanıb bu səbəbdən bir-birinizi qısqanmağınızdan, bir-birinizi məhv etməyinizdən və beləliklə, sizdən əvvəlkilərin yox olub getdikləri kimi sizin də yox olub getməyinizdən qorxuram”.
Beləliklə, alimlərin əksəriyyəti buradakı “Kövsər” ifadəsi ilə “bol xeyir” mənasının nəzərdə tutulma ehtimalının daha yüksək olduğunu bildirmişlər. Həmçinin rəvayətə görə də, İbn Abbas (r.a) “Kövsər” sözünü “bol xeyir” deyə təfsir etmişdir. Rəvayət olunduğuna görə, günlərin birində Səid ibn Cübeyr: “İnsanlar onun cənnətdə bir çay olduğunu deyirlər”, — demiş, İbn Abbas da: “O da bol xeyirə daxildir”, — cavabını vermişdir. İbn Abbasın bu açıqlaması həmin fikri bir daha təsdiqləyir.
2. Ona gora da Rabbin üçün namaz qıl va qurban kas!
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
2. Ona gora da Rabbin üçün namaz qıl va qurban kas!
Təfsiri:
Ayədəki “صَلِّ / salli” ifadəsi “namaz qıl”, “وَانْحَرْ / vənhər” ifadəsi işə “və qurban kəs” deməkdir. Ərəb dilində “nəhr” kəlməsi “dəvənin boynunu gövdəsinə bitişən hissədən kəsmək” mənasında, “zəbh” isə “qoyun və mal kimi heyvanları boynun başa birləşən hissəsindən kəsmək” mənasında işlənir (Bursevi, “Ruhül-Beyan Tefsiri”, XXIII, 6). Allah-Təala bəxş etdiyi saysız nemətlərə şükür olaraq yalnız Rəbbin rizası üçün namaz qılmağı, habelə o dövrdə ən qiymətli minik vasitəsi olan dəvələri Onun rizası üçün qurban olaraq kəsməyi əmr edir. O dövrdə müşriklər fit çalıb əl çırparaq ibadət edir və bütlər üçün dəvə kəsirdilər. Bunun üçün Allah-Təala Peyğəmbərindən yalnız Rəbbi üçün namaz qılıb qurban kəsməsini istəmişdir.
Məlum olduğu kimi namaz ibadəti hələ peyğəmbərliyin gəldiyi ilk günlərdən başlamaqla yanaşı, Həzrət Peyğəmbərimizin ﷺ Mədinəyə hicrətindən üç il əvvəl baş verən Merac hadisəsi əsnasında gündə beş vaxt olaraq fərz edilmişdir. Həmçinin qurban ibadəti də hicrətin ikinci ilində tətbiq olunmağa başlanmışdır. “Kövsər” surəsi isə Məkkə dövrünün ilk illərində enmişdir. Bəzi təfsir alimləri ayədəki “namaz qıl” ifadəsi ilə beş vaxt namazın, bəziləri isə Qurban bayramı namazının nəzərdə tutulduğunu bildirmişlər. Bəzilərinə görə isə, çağırışda məqsəd Qurban bayramı namazı qıldıqdan sonra qurban kəsməkdir. Ancaq əksər alimlərin fikrincə, bu ayədə hər hansı bir namaz və qurban ibadəti nəzərdə tutulmayıb, ümumiyyətlə, bütün qılınan namazların və kəsilən qurbanların təkcə Allah rizası üçün yerinə yetirilməli olduğu vurğulanmışdır.
Onu da qeyd etməliyik ki, Qurban bayramı namazı və qurban kəsmək ibadəti “Kövsər” surəsi ilə əmr edilməmişdir. Çünki “Kövsər” surəsi Məkkədə nazil olmuşdur. Qurban bayramı namazı və qurban kəsmək ibadəti isə Mədinədə Peyğəmbərimiz tərəfindən müsəlmanlara əmr edilmişdir. Bu barədə Allah Rəsulu hədislərində belə buyurmuşdur: “Qurban bayramında qurban kəsin! Çünki o, babanız İbrahim əleyhissalamın sünnəsidir” (İbn Macə, “Ədahi”, 3). “Maddi imkanı olub qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın” (İbn Macə, “Ədahi”, 2).
إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ
3. Şübhəsiz ki, sənə düşmənçilik edənin özü sonsuzdur.
Təfsiri:
Ayədəki “الْأَبْتَرُ / əl-əbtər” sözü lüğətdə “kəsik, gödək, quyruğukəsik, sonsuz, övladı olmayan” deməkdir. Dilçilər də “əl-əbtər” kəlməsinin oğlu olmayan kişilərlə, quyruğu olmayan heyvanlar üçün istifadə edildiyini bildirmişlər. Bir hədisi-şərifdə belə buyurulmuşdur: “Allahın adı ilə başlanmayan hər bir kəlam əskikdir, nöqsandır” (Əhməd ibn Hənbəl, “Müsnəd”, 8697). Bu hədisdə “əl-əbtər” kəlməsi “qısır, naqis, əskik” mənalarında işlədilmişdir. Əslində isə, Peyğəmbərimizin ﷺ oğlanlarının vəfatına görə ona “əbtər” deyərək, ona qarşı kin saxlayaraq düşmənçilik edənin özü hər mənada əbtərdir. Həqiqətdə də, ona “əbtər” deyənlər ya maddi baxımdan nəsli, soyu kəsilmiş və ya mənəvi baxımdan adı-sanı yoxa çıxmış kimsələrdir.
Peyğəmbərimizə sonsuz deyənlər onun oğlan övladlarının az yaşamalarına və kiçik yaşda vəfat etmələrinə əsaslanırdılar. Halbuki Peyğəmbərimizin qız övladı Həzrət Fatimədən nəsli davam etmişdir. Bununla yanaşı, Həzrət Fatimənin əri olan Həzrət Əli də (r.a) elə Həzrət Peyğəmbərimizlə eyni nəsildəndir. Onun da çoxlu övladı olmuşdur. Allah Rəsulunun oğlan övladlarının az yaşayıb erkən vəfat etmələrinin və nəslinin qız övladı ilə davam etməsinin özündə də böyük hikmətlərin olduğu şübhəsizdir. Bu da onun son peyğəmbər olması ilə izah edilmişdir. Allah-Təala onu bütün mənəvi üstünlüklərlə təchiz etdiyi kimi, dünyəvi-maddi baxımdan da təmin etmiş, ona oğullar və qızlar bəxş etmiş, lakin peyğəmbərlik şərəfi onunla sona çatmışdır.
Onun dini və ona endirilən kitabın da qiyamətə qədər davam edəcəyini, Həzrət Peyğəmbərimizin də son peyğəmbər olduğunu düşündüyümüz halda, Onun ardınca peyğəmbərliyə namizəd ola biləcək oğlanlarına Allah-Təalanın peyğəmbərlik verməməsi, onların məsum ikən bu dünyadan köçməsi, həqiqi mənada oğlanlarının gələcəkdə xeyirli övlad olmaya biləcəkləri ehtimalı və bunun həm peyğəmbər oğlanlarının şəninə uyğun olmadığını, həm də peyğəmbərimizin də mükəmməlliyinə xələl gətirmə ehtimalının ola biləcəyini, buna görə də belə bir taleyin daha xeyirli olduğunu söyləyə bilərik. Həmçinin oğulları peyğəmbərimizdən ﷺ sonra yaşadıqları təqdirdə peyğəmbərliyə layiq görülməsələr də, ən azı dini rəhbər kimi fəaliyyət göstərə bilərdilər. Məhz bununla da, gələcəkdə dini başçıların, o işə layiqli adamlardan seçilməli olması məsələsinin arxa plana ataraq daha çox atadan oğula irsi yolla keçmə adətinin əsası qoyulmuş olardı.
Belə bir adət də, sözsüz ki, peyğəmbərliyin ilahi yönünə, onun mükəmməl şəxsiyyətinə xələl gətirmiş olardı. Digər bir tərəfdən qadınlar üçün peyğəmbərlik məsələsi olmadığına görə peyğəmbərimizin qızları barədə belə bir narahatçılığın olmaması, məhz buna görə də Rəsulullahın nəslini qız övladı ilə davam etdirilməsi bunda açıq və bariz bir hikmətin olduğunu göstərməkdədir.








Kövsər surəsi haqqında geniş məlumat vermisiz Allah razı olsun
Cümləmizdən
Kövsər surəsi. Allah razı olsun sizdən
Cümləmizdən