Kimlər qurban kəsməlidir?

Qurban rəsməklə məsul olan şəxsdə tələb olunan şərtlər Qurban

Hər bir şəxsin qurban kəsməklə məsul olması üçün lazımi şərtlərin həmin şəxsdə olmasına “qurbanın vaciblik şərtləri” deyilir. Qurbanı sünnə sayanlara görə bunlar “sünnə olmasının şərtləri” sayılır.

Hər bir şəxsin qurban kəsməklə məsul olması üçün dörd şərt olmalıdır:

  • Müəyyən maddi gücə sahib olmaq,
  • Müsəlman olmaq,
  • Ağlı başında olmaq və yetkinlik çağına çatmaq,
  • Yolçu olmamaq.

Odur ki, qeyri-müsəlmanlara, ruhi xəstələrə, kiçik uşaqlara, yolçuya və yoxsullara qurban kəsmək vacib deyil.

Hənəfilərə görə, qurban kəsməyi vacib edən zənginliyin ölçüsü, zəkat və fitrə sədəqəsində lazım olan zənginlik ölçüsü ilə eynidir və insanın borcları, təməl ehtiyaclarından başqa 20 misqal (96 qr) qızıla və ya bu dəyərdə pula, yaxud ticarət malına sahib olmasıdır. Lakin qurban mövzusunda varlı olduqdan sonra bir ilin keçməsi şərti olmamaqla yanaşı, sahib olunan malın çoxalan (name) növündən olması da vacib deyil. Belə olan təqdirdə, bayram günlərində borclar çıxıldıqdan və bir il üçün orta hesabla ailə xərcləri çıxıldıqdan sonra geridə 96 qr (şəri ölçüyə görə 81 qr) qızıl və ya bu dəyərdə pulu, ya da ticarət malı olan hər bir kəs qurban kəsməklə məsuldur. Bu şərtləri daşımadığı halda qurban alma gücü olan və ya daha sonra verəcəyinə əmin olan şəxs nisyə alsa da qurban kəsə bilər.

Əbu Hənifə və Əbu Yusiflə Maliki və Hənbəli məzhəblərinə görə qurbanla məsul olmaq üçün ağlı başında olmaq və yetkinlik çağına çatmaq şərt deyil, lazımi maddi gücə sahib olan kiçik uşaqlar və ruhi xəstələr adına da valideynlər tərəfindən qurban kəsilməlidir. Bu fikirdə olanlar qurbanın maddi ibadət olduğunu nəzərə almışlar. Uşaq və ya ruhi xəstə özü adına kəsilən bu qurbandan yeyə bilər.

İmam Məhəmmədə və şafeilərə görə isə, qurbanla məsul olmaq üçün ağlı başında yetkinlik çağına çatmaq şərtdir. Bu səbəblə uşaqların və ruhi xəstələrin mallarından qurban kəsilməsinə ehtiyac yoxdur. Hənəfilərdə fitvaya əsas olan fikir budur. Valideynləri onlara məxsus mal-dövlətdən istifadə edərək kəsərlərsə təzminat verməlidirlər.

Ancaq hər bir kəsin öz malından kiçik yaşdakı uşağı üçün qurban kəsməsi məndubdur.1

Bununla birlikdə evli qadının xərcləri ərinə vacib olduğu üçün təməl ehtiyacları üçün pul ayırmadan, nisab miqdarı mala sahibdirsə qurban vacib olar. Belə qadınlar və ya yetkinlik yaşına çatan uşaqlar şəxsən məsul olmaqla birlikdə əri və ya atası bunlar adına bağışlama yolu ilə qurban kəsərsə bu da kifayətdir.
Hənəfilərə görə, yolçuya qurban kəsmək vacib deyil. Çünki Hz. Əbu Bəkr və Hz. Ömər yolçu olduqlarında qurban kəsməzdilər. Hz. Əlidən belə dediyi rəvayət edilmişdir:

“Yolçuya cümə namazı da, qurban kəsmək də vacib deyil.”2 Yolçu üçün qurban kəsməkdə və ətinin dəyərləndirilməsində bir sıra çətinliklər vardır. Bu səbəblə yolçudan məşəqqəti götürmək üçün cümə kimi qurban da ona vacib olmaz.3

Hənəfilərdən başqa üç məzhəbə görə qurban kəsmək yolçu üçün də sünnədir. Yalnız malikilərə görə həcc əsnasında sünnə olan hədy qurbanıdır.4


Kəsilən qurbanın qəbulu üçün ayrıca niyyət etmək də şərtdir. Çünki heyvan ibadət üçün də, ət əldə etmək məqsədilə də kəsilə bilər. Hz. Peyğəmbər; “Əməllər niyyətlərə görədir və hər bir kəs üçün niyyət etdiyinin qarşılığı verilir.’5 buyurmuşdur.

Bununla birlikdə birdən çox şəxsin şərik olmasının mümkün olduğu qurbanlarda, Allaha yaxınlaşmağı istəyib yalnız ət məqsədilə kəsən şəxsin ortaq olmaması da şərtdir. Məsələn, bir dəvə və ya bir inəkdə yeddi nəfər şərik olsa, onlardan yalnız biri ət məqsədi ilə şərik olarsa, heç birinin qurbanı səhih olmaz. Çünki Allahın razılığını qazanmaq qurbanı kəsməklə reallaşır, bu da bölünmə qəbul etməz.6


  1. İbnul-Hümam, Təkmilətu-Fethil-qədir, VIII, 67-70; Meydanı, Lübab, III, 232 vd.; İbn Abidin, e.a.e., V, 222.
  2. Zeyləı bu iki revayetin de qerib olduğunu demişdir. Bax. Nəsbur-raye, IV, 211.
  3. İbnul-Hümam, e.a.e., VIII, 71; Zeylei, Tebyinul-həqaiq, VI, 3; İbn Abidin, e.a.a., V, 222.
  4. İbn Rüşd, Bidayətul-müctəhid, 1,145; Şirbini, e.a.ə., IV, 283; Bühuti, Keşşaf, III, 17.
  5. Buxari, Bədul-vəhy, 1; Müslim, İmarə, 155.
  6. Kasani, e.a.ə., V, 71; Züheyli, e.a.ə., III, 605.

Mənbə: Dəlilləriylə İslam Elmihalı. (s.796-798)

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика